ELM VƏ TƏHSİL


ABŞ-ın “Science News” jurnalında Qobustandakı tunc dövrünə aid təsvirlərlə bağlı məqalə dərc olunub

Bakı, 20 noyabr, AZƏRTAC

ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən Amerika Şərq Tədqiqatları Məktəbləri Elmi Qeyri-Hökumət Təşkilatının Denver şəhərində növbəti konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ-ın Arizona Dövlət Universitetinin antropologiya bölməsinin əməkdaşı, arxeoloq Valter Krist “Qafqazda Yaxın Şərq masaüstü oyunları? Şərqi Azərbaycandan yeni sübutlar” mövzusunda məruzə ilə çıxış edib.

Alim məruzəsində Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirilib ki, təsvir Qədim Misirdəki “Tazılar və çaqqallar/58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir.

V.Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyindən də intensiv olduğunu söyləyib.

O, həmçinin bu ilin aprel ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna elmi ezamiyyəti və Abşeron yarımadasındakı qayaüstü rəsmlər üzrə pilot layihə barədə iştirakçılara məlumat verib.

Amerikalı alimin çıxışı dünya üzrə 12 milyon oxucu auditoriyasına malik olan ABŞ-ın “Science News” jurnalında “Daş üzərində həkk edilmiş tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” sərlövhəsi ilə dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.