DÜNYA
ABŞ-ın Texas ştatının üçdəbiri hələ də susuz qalıb
Vaşinqton, 23 fevral, AZƏRTAC
ABŞ-ın Texas ştatında təqribən 10 milyon insan üçün hələ də içməli su əlçatan deyil.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, ştat sakinləri hakimiyyət orqanları tərəfindən butulka suları ilə təmin olunacaqlarına ümid edirlər. Ştatda sutəmizləmə qurğularını sıradan çıxaran qar fırtınasından sonra artıq bir həftədir ki, Texasda anomal soyuqlar müşahidə edilir.
Ətraf mühitin keyfiyyəti üzrə komissiyanın nümayəndələri bildiriblər ki, bazar günü ştat təxminən 5 milyon sakininə qaynadılmamış sudan istifadə etməmək barədə xəbərdarlığı ləğv edib. Bundan əvvəl hakimiyyət orqanları sakinlərə sutəmizləmə qurğularının sıradan çıxması ilə əlaqədar suyu qaynatmağın zəruri olması haqda xəbərdarlıq göndərmişdi. Mer Silvestr Terner özünün “Twitter” səhifəsində yazıb: “Hyuston şəhəri suyun qaynadılması barədə xəbərdarlığı ləğv edib. Sudan içmək üçün, yemək hazırlanmasında, paltar yuyulmasında istifadə etmək olar”.
Qubernator Qreq Ebbottun sözlərinə görə, hökumət ehtiyacı olan sakinlər üçün təqribən 4 milyon butulka su ayırıb.
Texas əhalisinin təqribən üçdəbirinin (30 milyona yaxın insan) hələ də içməli suya ehtiyacı var. Buraya Dallas, Fort-Uort, San-Antonio və Ostin kimi iri şəhərlərin sakinləri aiddir.
Ştatın hakimiyyət orqanları da Şimali Texas rayonunda dairənin iri məktəblərini azı ikigünlüyə bağlayıblar. Hyustonun bir neçə rayonu da məktəblərin bağlanması müddətini uzadıblar. Soyuq hava şəraitinin bu həftə də davam edəcəyi gözlənilir.
AZƏRTAC-ın Vaşinqton bürosu