DÜNYA


ABŞ-ın “Walmart” şirkəti qiymətlərin artırılacağı barədə xəbərdarlıq edib

Vaşinqton, 18 may, AZƏRTAC

ABŞ-da ən iri riteyler (topdansatış şirkəti) sayılan “Walmart” malların və xidmətlərin qiymətlərinin aşağı olması ilə məşhurlaşıb.

AZƏRTAC xəbər verir ki, Çindən alınan mallar üçün tariflərin artırılması səbəbindən, ölkənin ən iri riteyleri də malların qiymətinin artacağını bildirib. Beləliklə Amerika-Çin ticarət müharibəsi nəticəsində Çindən idxal edilən malların qiymətinin artacağı barədə istehlakçılara xəbərdarlıq edən iri ticarət şəbəkələrinə biri də əlavə olunub.

“Walmart”ın maliyyə direktoru Brett Biqqs bildirib ki, tariflərin artmasının həm şirkət, həm də alıcılar üçün mənfi təsirini azaltmağa cəhd göstəriləcək. “Walmart”ın satdığı məhsulların təqribən yarısının qiymətləri artmamalıdır, çünki bu məhsullar ABŞ-da istehsal edilir.

Ekspertlərin fikrincə, “Walmart” şirkətinin mağazalarında satılan malların təqribən 25 faizi Çindən idxal edilir. Xatırladaq ki, Prezident Donald Trampın Çin rəhbərliyi ilə konsensus əldə edilməsi barədə əvvəlki ümidverici bəyanatlarına baxmayaraq keçən həftə o, Çindən idxal edilən 200 milyard dollarlıq mal üçün tarifləri artıraraq əvvəlki 10 faizdən 25 faizə çatdırıb. Tramp bu yolla Pekini ayrı-seçkiliyə əsaslanan ticarət siyasəti və əqli mülkiyyətin oğurlanması məsələlərini həll etməyə məcbur etmək niyyətindədir. Bazar ertəsi Çin də cavab tədbirləri görüb, hərçənd Çinin tətbiq etdiyi tarif artımı bu qədər böyük miqyaslı deyil.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.