MƏDƏNİYYƏT


ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını ziyarət edib

Bakı, 12 iyul, AZƏRTAC

ABŞ-ın Vaşinqton şəhərində yerləşən Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center - CPC) nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasını (BTA) ziyarət edib.

Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi və CPC-nin İdarə Heyətinin, ATƏT-in Minsk qrupunun keçmiş üzvü, ABŞ-ın Qazaxıstandakı sabiq səfiri Riçard Hoqland, proqram köməkçisi Ceremi Kohen və baş proqram meneceri Akbota Karibayevanın daxil olduğu nümayəndə heyətinin səfəri zamanı Xəzər Siyasət Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli təşkilatın məqsədi, fəaliyyəti və həyata keçirdiyi layihələr, qurumun BMT, UNESCO və ICESCO kimi mühüm beynəlxalq təşkilatlarda təşkil etdiyi tədbirlər barədə məlumat verib.

ABŞ-da türkologiya sahəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan D.Kıdırəli rəhbəri olduğu qurumun bu ölkənin zəngin intellektual potensialından faydalanmaq üçün Birləşmiş Ştatlardakı təşkilatlarla əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini söyləyib.

O, Akademiyanın qurucu üzvlərindən biri kimi Azərbaycana xüsusi diqqət ayırdığını, Beynəlxalq Türk Akademiyasının 44 günlük Vətən müharibəsində açıq mövqe ortaya qoyaraq bəyanatlar və konkret tədbirlər ilə Orta Asiyada Azərbaycanın haqlı mübarizəsinə dəstək verən ən önəmli təşkilat olduğunu qeyd edib.

Xəzər Siyasət Mərkəzinin (CPC) ABŞ-da Xəzər bölgəsi ilə bağlı araşdırma aparan və ABŞ Administrasiyası tərəfindən dəstəklənən önəmli beyin mərkəzi olduğunu vurğulayan Əfqan Nifti Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. Bu çərçivədə Mərkəzin nümayəndə heyətinin Qazaxıstanda ilk rəsmi səfərini Akademiyaya etməsindən məmnunluq duyduqlarını bildirib.

Nümayəndə heyətinin üzvü səfir Riçard Hoqland isə uzun müddət Qazaxıstanda və Azərbaycanda çalışdığını, regiondakı prosesləri yaxından izlədiyini qeyd edib. Təcrübəli diplomat bölgənin beynəlxalq siyasi arenada əhəmiyyətinin artdığına diqqət çəkib.

Akademiya tərəfindən həyata keçirilən layihələri təqdirlə qarşılayan Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti iki qurum arasında mütəxəssis mübadiləsi də daxil olmaqla, geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Sonda Darxan Kıdırəli Xəzər Siyasət Mərkəzinin rəhbərinə və nümayəndə heyətinə Akademiya tərəfindən nəşr olunan kitabları hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.