DÜNYA
ABŞ-ın bütün iri aviaşirkətlərinin rəhbərləri Ağ evdən əlavə yardım ayrılmasını xahiş ediblər
Vaşinqton, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də ABŞ-ın bütün iri aviaşirkətlərinin rəhbərləri Ağ evin aparat rəhbəri Mark Medouz ilə görüşüblər. Onlar aviasiya sahəsində davam edən çətinliklər fonunda əlavə federal yardım göstərilməsini xahiş ediblər.
AZƏRTAC xəbər verir ki, Ağ evdə Medouz ilə görüşdə “American Airlines” aviaşirkətinin baş direktoru Duq Parker, “United Airlines” aviaşirkətinin baş direktoru Skott Kirbi, “Southwest Airlines” aviaşirkətinin baş direktoru Geri Kelli, “Delta Airlines” aviaşirkətinin baş direktoru Ed Bastian, “Hawaiian Airlines” aviaşirkətinin baş direktoru Piter İnqram, “Alaska Airlines” aviaşirkətinin baş direktoru Bredd Tilden və “Airlines For America” aviaşirkətinin prezidenti Nikolas Kario iştirak ediblər.
Koronavirus pandemiyası başlanandan bəri dünyada bütün aviaşirkətlər ciddi ziyana düşüblər, onların demək olar ki, hamısı bilet satışının və aviadaşımaların həcminin azalması ilə əlaqədar itirilmiş gəlirlərini kompensasiya etmək üçün öz xərclərini bu və ya digər dərəcədə azaltmağa məcbur olublar.
Medouz aviaşirkətlərin rəhbərlərinə deyib ki, Prezident Donald Tramp minlərlə iş yerinin qorunub saxlanması üçün aviasiya sahəsinə 25 milyard dollar həcmində əlavə maliyyə yardımı ayrılması təklifini dəstəkləyəcək.
Bu ilin birinci yarısında pandemiyanın birinci mərhələsində federal yardım ayrılması ilə əlaqədar, iş yerlərinin azaldılmasına moratorium qoyulması barədə imzalanmış qanun layihəsinin müddəti oktyabrın 1-də başa çatır. Həmin tarixdən etibarən ABŞ-ın aviaşirkətləri öz əməkdaşlarını işdən azad etməyə başlaya bilər.
AZƏRTAC-ın Vaşinqton bürosu