DÜNYA
ABŞ-ın cənub-şərqində baş verən güclü fırtınalar nəticəsində 8 nəfər həlak olub
Vaşinqton, 15 aprel, AZƏRTAC
ABŞ-ın cənub-şərqində həftəsonu baş verən güclü fırtınalar azı 8 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, ölənlər arasında Texas ştatının Ancelina dairəsindən olan 3 və 8 yaşında iki uşaq da var. Onlar üzərinə ağac düşən avtomobilin içərisində sıxılma nəticəsində həlak olublar. Şənbə günü Uçita Pariş şəhərinin yaxınlığında baş verən daşqın səbəbindən daha iki nəfər, o cümlədən 13 yaşlı yeniyetmə ölüblər. Yerli KİV-lərin məlumatında yeniyetmənin Monro yaxınlığında Baukomvill dairəsində qəflətən başlanmış daşqın zamanı həlak olduğu bildirilir. Onun cəsədi drenaj kanalından çıxarılıb. Texas ştatının Alto şəhərində 25 nəfər ciddi zədələrlə yerli xəstəxanaya çatdırılıb.
Bu gün leysan yağışlarının Amerikanın şərq ştatlarının əksəriyyətinə dağıdıcı küləklər gətirəcəyi gözlənilir. Ohayodan Floridayadək bir neçə ştatda tornado baş verə bilər. Həmçinin Vaşinqton və Nyu-Yorkda səhər saatlarında güclü külək əsəcəyi proqnozlaşdırılır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton