DÜNYA
ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen istefa verib
Vaşinqton, 8 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin istefa verdiyini bəyan edib. O, 2017-ci il oktyabrın 11-dən bu vəzifəni yerinə yetirirdi. Nilsen Tramp administrasiyasına Ağ ev aparatının sabiq rəhbəri Con Kellinin təqdimatı ilə gəlmişdi.
AZƏRTAC xəbər verir ki, Tramp Twitter vasitəsilə bildirib ki, ABŞ-ın daxili təhlükəsizlik vəzifəsini Sərhəd-Gömrük Xidmətinin rəisi Kevin Makalinan icra edəcək. Amerika KİV-ləri xəbər verirlər ki, son aylar Nilsen Prezident Trampın qeyri-leqal immiqrantlara qarşı “sıfır dözümlülük” siyasətinin tam yerinə yetirilməsi üzrə ümidlərini doğrultmayıb. O, immiqrantlara münasibətdə heç bir radikal addım atmayıb və hesab edib ki, bu, Amerika cəmiyyətində gərginliyi artıra bilər. Tramp isə ondan daha sərt və effektiv addımlar atmağı tələb edib.
Tramp administrasiyasının qeyri-leqal immiqrantların ailələrini sərhəddə ayırmaq praktikası sərt tənqidlərə məruz qalıb. Miqrant uşaqlarını onların valideynləri sərhədi qanunsuz şəkildə keçdiyi zaman ayırır və azyaşlılar üçün uyğun olmayan otaqlarda yerləşdirirdilər. Cəmiyyətin ABŞ Prezidentinin bu siyasətini kəskin tənqid etməsindən sonra Tramp ailələri ayırmağı qadağan edən sərəncam imzalamağa məcbur olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton