ELM VƏ TƏHSİL
ABŞ-ın əqli mülkiyyət hüquqlarını pozan ölkələrə dair 2021-ci il üçün “Xüsusi 301 Siyahısı” dərc olunub

Bakı, 29 iyul, AZƏRTAC
Hər il ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (Prezidentin İcraçı Ofisi) ABŞ-ın ticarət tərəfdaş dövlətlərində əqli mülkiyyət hüquqlarının qorunmasına dair “Xüsusi 301 Hesabatını” (Siyahı 301) dərc edir. Bu hesabatın məqsədlərindən biri siyahıda göstərilən dövlətlərin hökumətlərini piratçılığa qarşı fəal mübarizə aparmaq və əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyi təkmilləşdirmək üçün həvəsləndirməkdir. Bu hesabat ABŞ-nın dövlət qurumlarının və xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar əsasında hazırlanır.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, son illər ərzində ölkəmiz bu “qara siyahı”ya daxil olunmur. Məlum olduğu kimi, Azərbaycan Respublikası hələ 2006-cı ildə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərə görə, o cümlədən ozamankı Müəllif Hüquqları Agentliyi (hazırkı Əqli Mülkiyyət Agentliyi) tərəfindən həyata keçirilən xüsusi proqrama əsasən piratçılığa qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı bu siyahıdan çıxarılıb.
Bu, ölkədə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində aparılan sistemli və məqsədyönlü dövlət siyasətinin, saxtamalçılığa və piratçılığa qarşı mübarizənin qanunvericilik, iqtisadi tənzimləmə, sərhəd-gömrük, beynəlxalq əlaqələr, maarifçilik səviyyəsində təmin olunması, yaradıcılığı və ixtiraçılığı təşviq edən, bu cür fəaliyyətləri stimullaşdıran ardıcıl tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Bu sırada Azərbaycanda əqli mülkiyyət sahəsi üzrə aparılan siyasətin mahiyyəti, görülən işlər nəticəsində əldə olunan müsbət dəyişikliklər barədə məlumatların Əqli Mülkiyyət Agentliyində ABŞ Səfirliyinin, onun iqtisadi blokunun nümayəndələri ilə dəfələrlə keçirilən görüşlərdə vurğulanması qeyd edilməlidir.
Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə 2012-ci ildə qəbul edilən “Əqli mülkiyyət hüquqların təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun sahənin tənzimlənməsi baxımından xüsusi dəyəri olub. Bu Qanun piratçılığa qarşı mübarizənin yeni mərhələyə qalxmasına imkan verib, nəzarət mexanizmini praktiki hüquqi alətlərin tətbiqi səviyyəsində aktivləşdirib, tənzimləyici aparatın effektivliyini artırıb.
Qeyd etmək yerinə düşər ki, 2005-ci il ilə müqayisədə 2020-ci ildə ölkəmizdə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 22 faizə, audio-video məhsul bazarında 90 faizdən 57 faizə, proqram təminatında 96 faizdən 71 faizə düşüb.
Hazırda Agentlik piratçılığa qarşı mübarizə və əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsi çərçivəsində qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlərini davam etdirir, Cinayət-Prosessual və Mülki Məcəllələrə, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr hazırlanır, bazara çıxarılan bütün əqli mülkiyyət məhsullarının xüsusi holoqramlarla markalanması aparılır. Bu tədbirlərin məqsədi ölkədəki piratçılığın səviyyəsini azaltmaq, əqli mülkiyyət hüquqlarının pozulmasına görə cəzanı qaçılmaz etməkdir.
Hazırkı “Siyahı 301” “problemli” ölkələri iki kateqoriyaya ayırır: “Prioritet İzləmə Siyahısı” (Priority Watch List) və “İzləmə Siyahısı” (Watch List).
Qeyd etmək lazımdır ki, “Xüsusi 301 Hesabatı” ABŞ-ın ticarət siyasətinin formalaşması və digər ölkələrlə müvafiq qarşılıqlı əlaqələr mexanizmlərinin seçilməsində mühüm rol oynayır. Ölkənin “301 Siyahısı”ndakı mövqeyinin yaxşılaşması ABŞ ilə ticarət dövriyyəsinin artırılmasına, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ya ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kimi beynəlxalq təşkilatlardan maliyyə yardımının alınmasını sadələşdirməyə, ticarət sanksiyaları və məhdudiyyətlərinin qoyulmasından qaçmağa, habelə müasir informasiya texnologiyalarına çıxış əldə etməyə və yüksək texnologiya layihələrinə sərmayələrin həcminin artırılmasına imkan yaradır.