İQTİSADİYYAT
ABŞ-ın gündəlik neft hasilatı 10,37 milyon barrelə çatıb
Bakı, 9 mart, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 86 min barrel artaraq 10,37 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək səviyyəsidir. ABŞ-ın gündəlik neft hasilatı son 8 həftənin 7-də artım göstərib. Bu göstərici ilə ABŞ gündəlik neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyur.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fevral ayında yayımladığı hesabata görə, Səudiyyə Ərəbistanında xam neft istehsalı yanvarda gündəlik orta hesabla 9,97 milyon barrel təşkil edib.
Hazırda ABŞ dünyanın ən böyük ikinci xam neft istehsalçısı mövqeyindədir. Ölkənin xam neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, tezliklə ABŞ gündəlik neft hasilatına görə Rusiyanı da geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olacaq.
EIA-nın proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq 10,6 milyon barrelə, gələn il isə 11,2 milyon barrelə çatacaq.