DÜNYA
ABŞ-ın gündəlik neft hasilatı azalıb
Bakı, 7 mart, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 5 min barrel azalaraq gündəlik 12,1 milyon barrel səviyyəsində qalıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 5 min barrel azalıb, digər ştatlarda isə dəyişməyib. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 60 həftənin 14-də azalma qeydə alınıb.
Ölkədə gündəlik neftin istehsalı ötən ilin noyabrında 11,7 milyon barrelə, yanvarda 11,9 milyon barrelə və fevralda isə 12 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,08 milyon barrel artaraq gündəlik 7 milyon barrel olub. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 556 min barrel azalaraq sutkada 2,8 milyon barrelə düşüb.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel təşkil edəcək.