İQTİSADİYYAT
ABŞ-ın gündəlik neft istehsalı 11,6 milyon barelə yüksəlib
Bakı, 17 iyun, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft hasilatı artıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 203 min barel artaraq sutkada orta hesabla 11,6 milyon barel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 108 min barel artaraq sutkalıq 6,75 milyon barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 953 min barel çoxalaraq gündəlik 3,88 milyon barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,1 milyon barel, gələn il isə 11,8 milyon barel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.