DÜNYA
ABŞ-ın gündəlik neft istehsalı 11 milyon barrelə çatıb
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ-ın sutkalıq neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 118 min barrel artaraq gündəlik 11 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalında ən yüksək səviyyədir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə Alyaska ştatında 18 min barrel, digər ştatlarda isə 100 min barrel artıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 36 həftənin 30-da artım qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 433 min barrel artaraq gündəlik 8,02 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 539 min barrel çoxalaraq sutkada 2,37 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
EIA-nın sentyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,5 milyon barrel olacaq.