İQTİSADİYYAT
ABŞ-ın məşhur şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 1 dekabr , AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ABŞ-ın məşhur “Cisco Systems” və “Intel Corporation” şirkətlərinin vitse-prezidentləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafına yönələn intensiv fəaliyyətdən, o cümlədən icra edilən dövlət proqramlarından, həyata keçirilən islahatlardan, milli və regional layihələrdən söz açıb. Nazir, həmçinin Azərbaycanda informasiya texnologiyaları şirkətlərinin, innovativ sahibkarlığın inkişafı üçün yaradılan əlverişli biznes mühitindən danışaraq, bu sahədə perspektiv planları da diqqətə çatdırıb.
Azərbaycanda həyata keçirilən islahatları maraqla qarşılayan qonaqlar təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri, o cümlədən korporativ şəbəkələr üçün avadanlıq, kompyuter komponentləri, mikroprosessorlar, sistem məntiqi qurğuları və digər məhsulların istehsalı və yeni xidmətlər haqda məlumat veriblər.
Daha sonra tərəflər əməkdaşlıq perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.