MƏDƏNİYYƏT


ABŞ-ın nüfuzlu Stanford Universitetində Azərbaycan musiqisi təqdim olunub VİDEO

Bakı, 28 mart, AZƏRTAC

Şimali Kaliforniyada yerləşən ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Stanford Universitetində Azərbaycanın Los- Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, ABŞ-da yaşayan və sözügedən universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı tanınmış kamança ustası İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə Stanford Universitetinin tələbələri müxtəlif musiqi alətlərində milli musiqi nümunələrimizi ifa ediblər.

Konsertdən öncə Stanford Universitetinin Musiqi fakültəsinin etnomusiqi, islam və incəsənət üzrə professoru Denis Gil çıxış edərək, bu gözəl mədəni tədbirin sözügedən universitetdə təşkil edilməsindən xüsusi məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycan muğamı və ölkəmizin zəngin musiqi irsini yüksək qiymətləndirdiyini, kamança ustası İ.Həsənovun yaradıcılığı ilə hələ Stanforda gəlməmişdən öncə yaxından tanış olduğunu bildirib. D.Gil İ.Həsənovla birgə Stanfordda Azərbaycan və Mərkəzi Asiya musiqisini tədris eməkdən məmnun olduğunu bildirərək, kursun tələbələrinin belə bir konsertinin keçirilməsini əlamətdar hadisə adlandırıb.

Kamança ustası İ.Həsənov çıxışında Azərbaycanın zəngin musiqisi, mədəniyyəti, Azərbaycan muğamı haqqında ətraflı məlumat verib. O, Azərbaycan muğamının 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğunu, 2008-ci ildə isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini vurğulayıb.

Çıxışlardan sonra Stanford tələbələrinin müşayiəti ilə kamança ustası İ.Həsənov və tar ifaçısı R.Həsənov Azərbaycan muğamı, xalq və bəstəkar mahnılarından müxtəlif nümunələr ifa ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Stanford Universitetində İmamyar Həsənovun tədris etdiyi “Azərbaycan musiqisi” kursu təsis olunur. Bu, ABŞ-ın ən tanınmış universitetləri arasında Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kurs kimi tarixə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.