İQTİSADİYYAT


ABŞ-ın ölkəmizdəki səfiri Gömrük Akademiyasında olub

Bakı, 17 may, AZƏRTAC

Mayın 16-da Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqerlə görüş keçirilib.

DGK-dən AZƏRTAC-a bildirilib ki, ABŞ səfirliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulan linqafon kabinetinin açılışı münasibətilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və səfirliyin nümayəndə heyəti iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov qonaqları salamlayaraq onları Dövlət Gömrük Komitəsinin Akademiyasında görməkdən məmnun olduğunu bildirib. Sədr müavini səfirə gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq qeyd edib. Daha sonra Cavad Qasımov linqafon kabinetinin açılışının vacib perspektivindən söz açaraq bu addımın həm tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının inkişafı baxımından uğurlu addım olduğunu vurğulayıb. O, linqafon kabinetinin qurulmasında, onun müvafiq tədris resursları ilə təmin olunmasında köməklik göstərildiyi üçün Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi adından səfirə və ABŞ hökumətinə təşəkkürünü bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, professor Cəmilə Namazova da öz növbəsində qonaqları salamlayaraq onları təmsil etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. C.Namazova səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, tədris prosesində Akademiya tərəfindən tələbələrin xarici dil biliklərinin artırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Növbəti tədris ilindən etibarən müəyyən ixtisaslar üzrə tədrisin ingilis dilində aparılacağını vurğulayan rəis müavini ABŞ səfirliyinin dəstəyi ilə qurulan linqafon kabinetinin açılışının həm tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının ingilis dili biliklərinin inkişafına mühüm töhfə verəcəyini əminliklə qeyd edib. Akademiyanın rəis müavini linqafon kabinetinin qurulmasında və zəngin tədris resursları ilə təmin olunmasında səfirlik tərəfindən göstərilən dəstək üçün cənab səfirə Akademiya adından minnətdarlığını bildirib.

Tədbirdə Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsindəki əlaqələri, ABŞ-ın ali təhsil müəssisələri, akademik və gömrük təlimi qurumları ilə kadr potensialının gücləndirilməsi sahəsində əlaqələrin inkişaf etdirilməsi və nəzərdə tutulan təlim əməkdaşlığı haqqında geniş təqdimatla çıxış edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən səfir səmimi qonaqpərvərliyə, həmçinin olduqca maraqlı və geniş təqdimata görə öz təşəkkürünü bildirib. Akademiyanın fəaliyyətini yüksək qiymətləndirən səfir ABŞ və Azərbaycan arasında ali təhsil, təlim-tədris sahəsində ikitərəfli əməkdaşlığın önəmini qeyd edərək, gömrük sahəsində bilik və bacarıqların artırılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin önəmli və vacib məsələ olduğunu vurğulayıb.

Daha sonra Akademiya tərəfindən səfirə ənənəvi simvolik hədiyyələr təqdim olunub.

Görüşün rəsmi hissəsindən sonra səfir Akademiyada yeni yaradılan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla tanış olub, ingilis dili fənlərinin tədris prosesini izləyərək tələbələrlə yaxından ünsiyyət qurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.