REGİONLAR
ABŞ-ın ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib VİDEO
Quba, 19 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 19-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Quba rayonunda olub.
AZƏRTAC xəbər verir ki, səfir əvvəlcə rayonun Qam-Qam kəndində Cağacuq çayı üzərində inşa olunan dördyol keçidinin açılış mərasiminə qatılıb. Yol keçidlərinin tikintisi ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib.
Bundan sonra səfir Robert Sekuta Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbəyə gəlib. Diplomata bildirilib ki, bu qəsəbədə azərbaycanlılar və yəhudilər uzun illərdir sülh və dostluq şəraitində yaşayırlar. Səfir tolerantlıq baxımından dünyanın Azərbaycandan öyrənə biləcəyi bir çox məqamların olduğunu qeyd edib.
Səfir Robert Sekuta Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edib. Amerikalı diplomata ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib.
Səfir memorial komplekslə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Qubadakı Qadın və Ailə Sahibkarlığına Kömək Mərkəzində də olub.