SİYASƏT
ABŞ-ın populyar nəşri Azərbaycanın Vətən müharibəsi barədə AZƏRTAC-ın məqaləsini dərc edib
Bakı, 15 dekabr, AZƏRTAC
ABŞ-ın populyar “FOREİGN POLİCY NEWS” jurnalının saytında AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən bəhs edən məqaləsinin geniş xülasəsi dərc edilib.
“Prezident İlham Əliyevin çevik addımları Azərbaycana qəti qələbə qazandırdı və regionda yeni reallıqlar yaratdı” başlığı ilə təqdim olunan materialda Vətən müharibəsinin yekunları, o cümlədən müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı, 44 günlük müharibə nəticəsində işğalçı Ermənistanın kapitulyasiya aktı imzalamağa məcbur edilməsi, Azərbaycan Prezidentinin informasiya məkanında və diplomatik müstəvidə nail olduğu uğurlar, bölgədə yaranmış yeni reallıqlar barədə danışılır.
Qeyd edək ki, 1970-ci ildə təsis edilmiş “FOREİGN POLİCY NEWS” nəşrinin 100 mindən çox izləyicisi var.
AZƏRTAC-ın sözügedən məqaləsini bundan əvvəl İndoneziyanın “citayambersatu.com” və “warnaplus.com” saytları, Misirin “Aldiplomasy” informasiya portalı, Pakistanın “National Herald Tribune” qəzeti, Avropa İttifaqının “EU Politics”, Rumıniyanın “News24hours”, Qırğızıstanın “Golden Bridge News”, “Turktoday.info” portalları, Çilinin “Infogate” xəbər saytı da yayıb.
Xarici KİV-lərin məqaləyə geniş yer ayırması Azərbaycanın dünya hərb aləmində yenilik olan müharibə təcrübəsinə, Qarabağın 30 il davam edən işğalına çox qısa müddətdə hərbi-siyasi yolla son qoyulmasına ictimaiyyətin və oxucu auditoriyasının marağından irəli gəlir.