DÜNYA
ABŞ-ın xam neft ehtiyatları son 8 həftədir ki azalır
Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində 6,4 milyon barrel azalıb. Bu o deməkdir ki, ölkədəki neft ehtiyatları ardıcıl 8 həftədir ki azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə xam neft ehtiyatları ötən həftə 1,2 faiz azalaraq 509,9 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,5 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə xam neft ehtiyatları 4,4 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1 milyon barrel (0,1 faiz) azalaraq 686,7 milyon barrelə enib. Ölkədəki benzin ehtiyatları isə sözügedən həftə 2,9 milyon barrel (1,2 faiz) azalaraq 237 milyon barrelə düşüb. Bazar proqnozları isə ehtiyatların 1,1 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,8 milyon barrel azalmışdı.
Ötən həftə ABŞ-da xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 22 min barrel artaraq 9,34 milyon barrelə çatıb. Ölkədə xam neft istehsalı son 15 həftənin 14-də artıb.
Xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 309 min barrel azalaraq 7,98 milyon barrelə enib.