DÜNYA


ABŞ-ın yeni İran siyasəti yeni gərginlik yaradıb

Tehran, 14 oktyabr AZƏRTAC.

ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə əlaqədar “yeni strategiya paketi”ni açıqlaması Tehran və Vaşinqton münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub. Tərəflərin qarşılıqlı kəskin sözləri münasibətlərin heç də normala doğru irəliləyişindən xəbər vermir.

Avropa dövlətləri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəyini nəzərə almayan ABŞ prezidenti İranın nüvə silahı istehsal etməyəcəyinə inamın olmadığını bəyan edib. İran ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin və Avropa İttifaqı (5+1 formatı) ilə uzun sürən danışıqlardan sonra 2015-ci ilin əvvəlində “İranın Nüvə Proqramının Məhdudlaşdırılmasına dair Birgə Hərtərəfli Fəaliyyət Planı”nın imzalanmasına nail olub. Amerikanın əvvəlki administrasiyasının dövlət katibi Con Kerri, Avropa İttifaqının beynəlxalq siyasət üzrə komisarı Federika Moqerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin səyləri ilə hazırlanaraq imzalanan razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini dayandıraraq nüvə istehsalından imtina etməlidir. Bunun müqabilində isə ABŞ və Avropa İttifaqı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməlidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri İranda apardıqları monitorinqin nəticəsində ölkədə nüvə istehsalının dayandırıldığını bildirdilər. Bundan sonra sanksiyalar aradan qaldırıldı. İran Avropaya neft və qaz ixrac etmək hüququ ilə yanaşı banklarına Avropada fəaliyyət göstərmək imkanı qazandı. Lakin ABŞ-da Donold Trampın prezident seçilməsi ilə rəsmi Vaşinqtonun İran siyasəti dəyişdi. Yeni prezident razılaşmanın ABŞ-ın milli maraqlarına zidd olduğunu bəhanə edərək nəinki şərtlərə əməl etmək istəmir, əksinə yeni sanksiyaların tətbiqinə hazırlaşır. Oktyabrın 13-də ABŞ razılaşmanı pozmaq istiqamətində ilk addımı ataraq İslam İnqilabının Keşikçiləri Korpusunu yenidən beynəlxalq terror təşkilatları siyahısına saldı və İranın bir sıra iri şirkətləri ilə əlaqələri kəsərək müttəfiqlərindən də bunu tələb etdi.

ABŞ prezidentinin bu addımı bir çox ziddiyyətli məqamları meydana çıxarıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa dövlətləri “yeni strategiya paketi” ilə razı deyillər. Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bəyan edib ki, rəsmi Tehran razılaşmanın bütün şərtlərinə əməl edir. Avropa İttifaqının beynəlxalq siyasət üzrə komissarı Federika Moqerini isə bəyan edib ki, heç bir tərəf əldə olunan razılaşmadan birtərəfli qaydada çıxa bilməz. Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və Rusiya D.Trampın yeni siyasi xəttini tənqid edirlər. Bununla yanaşı, ABŞ ictimaiyyəti də psixoloji gərginlikdə yaşamaqdan bezərək İran ilə münasibətlərin kəskinləşməsini istəmir. Amerika ictimaiyyəti dövlətin dünyanın qınağına tuş gəldiyini görərək, Ağ ev administrasiyasının yeni İran siyasətini dəstəkləmir. Bu kimi ziddiyyətlərə baxmayaraq D. Tramp hələ ki dediyindən dönmür.

ABŞ-ın yeni hədələrinə İranın cavabı gecikmədi. Prezident Həsən Ruhani bəyan etdi ki, Ağ evin destruktiv siyasəti cavabsız qalmayacaq. Oktyabrın 13–də İranın bütün televiziya kanallarında D.Trampın “yeni strategiyası” müzakirə edilib. Bu müzakirələri təhlil etdikdə görərik ki, ABŞ ictimaiyyətindən fərqli olaraq İran ictimaiyyəti dövləti haqlı hesab edərək onu tam dəstəkləyir.

Onu da qeyd etmək lazımdır ki, D.Trampın yeni siyasəti İrandakı siyasi qüvvələr arasındakı münasibətlərə də sərinlik gətirib. İranın bütün siyasi qüvvələri bu məsələyə dair vahid mövqedən çıxış edirlər. Lakin prezident H.Ruhaninin tənqidlərə məruz qalacağını istisna etmək olmaz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 2013-cü ildə prezident seçilən H.Ruhani İranın dünya birliyinə inteqrasiya olunması istiqamətində siyasət yürüdərək, Qərb dövlətləri ilə danışıqlara başladı. Həmin vaxt İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ABŞ-ın yalançı olduğunu bildirərək razılaşmaya əməl etməyəcəyini bildirmiş və danışıqların faydasız olacağını demişdi. Bu gün Ali Rəhbərin fikri özünü doğruldur ki, bu da H.Ruhaninin siyasi nüfuzuna toxunaraq, onu İran siyasi elitasının mühafizəkar qanadının təqidinə məruz qoyur.

Beləliklə hadisələrin gedişi onu deməyə əsas verir ki, tərəflər iddialı çıxışlar edərək geri çəkilmək niyyətində deyillər. Yuxarıda qeyd etdiyimiz kimi, Ağ ev ilk addımıni atdı. İndi növbə İranındır. Tehranın hansı addımlar atacağını və “müqavimət iqtisadiyyatı”nı necə davam etdirəcəyini zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.