DÜNYA
ABŞ istiqamətində hərəkət edən Sakit okean fırtınasının təhlükə zonasında 200 milyona yaxın insan var
Vaşinqton, 9 aprel, AZƏRTAC
Sakit okeandan Amerikanın mərkəzi və cənub ştatlarını keçərək şərqə doğru hərəkət edən güclü fırtınalar silsiləsinin təhlükəli zonasında 200 milyona yaxın insan var.
AZƏRTAC xəbər verir ki, Milli Meteoroloji Xidmətin proqnozlarına görə, fırtına ABŞ-ın qərb hissəsindən keçərək çərşənbə günü daha da güclənəcək. Sinoptiklər ölkənin Orta Qərbində və cənub ştatlarında fırtınanın dağıdıcı külək gücü ilə, sulu qar və dolu ilə şiddətlənəcəyini gözləyirlər.
Meteoroloqların sözlərinə görə, bir çox regionlarda çoxsaylı tornado istisna deyil, bu bölgəyə düşən güclü leysanlar səbəbindən Missisipi çayı vadisindəki ərazilərin su altında qalacağı təxmin edilir. Şərqə üz tutan fırtına sistemi artıq istirahət günlərində Texasda və Missisipidə üç tornadoya, həmçinin qısa müddət ərzində 20,3 santimetrdən çox yağıntının düşdüyü Arkanzasda daşqınlara səbəb olub. Şimal Qərbin bəzi ştatlarında temperatur sıfır dərəcədən aşağı düşəcək.
Ştatın hakimiyyət orqanları vətəndaşları hava proqnozlarının yenilənməsini izləməyə və imkan dairəsində fırtınanın hərəkəti istiqamətində olan aviasəyahətlərdən, uzunmüddətli səfərlərdən çəkinməyə çağırır. Çünki bu vəziyyət yollarda daha təhlükəlidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton