DÜNYA
ABŞ məhkəməsi Karlos Qonun işi ilə bağlı ata və oğul Teylorların ekstradisiyasına razılıq verib
Tokio, 29 yanvar, AZƏRTAC
ABŞ məhkəməsi “Nissan Motor” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun Livana qaçmasına yardım etməkdə şübhəli bilinən iki nəfərin Yaponiyaya ekstradisiyasına razılıq verib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Massaçusets ştatının federal dairə məhkəməsi ABŞ xüsusi təyinatlılarının veteranı Maykl Teylor və oğlu Piterin Yaponiyaya ekstradisiyasına icazə verilməməsi barədə sorğunu rədd edib.
ABŞ hakimiyyət orqanları həmin iki nəfəri ötən ilin mayında maliyyə fırıldaqlarına görə ev dustağı olan K.Qonun ölkədən qaçırılmasında təqsirli bilinmələri barədə Yaponiya tərəfinin sorğusuna cavab olaraq həbs edib. Yaponiya bu sorğunu iki ölkə arasında mövcud müqaviləyə əsasən göndərib. Ötən ilin oktyabrında ABŞ Dövlət Departamenti həmin sorğunun müsbət cavablandırılmasına razılıq verib. Lakin ata və oğul Teylorlar Dövlət Departamentinin qərarına qarşı çıxdıqdan sonra Massaçusets ştatının federal dairə məhkəməsi ekstradisiyanı dayandırıb.
Yanvarın 28-də məhkəmənin hakimi İndira Talvani Teylorların guya Yaponiya həbsxanasında amansız sorğu-suala və işgəncələrə məruz qoyulacağı barədə iddialarını rədd edərək bunun ekstradisiyanın dayandırılması üçün ciddi əsas olmadığını bildirib. İ.Talvani, həmçinin bəyan edib ki, ABŞ hakimiyyət orqanlarının qərarına görə, Teylorların hərəkəti “ekstradisiya üçün şərait yaradan cinayətdir”.
Teylorların vəkillərinin qərardan apelyasiya şikayəti verdikləri bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio