CƏMİYYƏT
ABŞ mənşəli zərərverici həşəratlar Rusiyada meşə və bağların çoxunu məhv edə bilər
Bakı, 15 may, AZƏRTAC
İriyarpaqlı ağacları zədələyən Amerika baramaqurdunun iqtisadi zərəri illik on milyardlarla rubla çata bilər. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı “Rosselxoznadzor” yayıb.
Meyvəli bitkilərin zərərvericiləri də çoxmilyardlı itkilərə səbəb ola bilər. “Rosselxoznadzor”un məlumatında qeyd olunur: “Avrasiya İqtisadi İttifaqının vahid cədvəlində olan və Rusiya ərazisində mövcud olmayan karantin obyektləri də böyük ziyan vura bilər. Malacosoma növündən olan Amerika baramaqurdu bunların arasında ən təhlükəlisidir. Bu növ iriyarpaqlı ağacların əksəriyyətinə ziyan vurur. Onların arasında meşə dekorativ bitkiləri və meyvəli ağaclar da var”.
Daha bir Amerika həşərat növü Rusiyada bağçılığın inkişafına əngəl olur. “Choristoneura rosaceana Нar” (yarpaqbükən tırtıl) adlanan bu həşərat təkcə yarpaqlarla qidalanmır, həm də onların üzərində dərin eybəcər çapıqlar buraxır. Bunun nəticəsində meyvələrin növü və keyfiyyəti zərər görür, habelə onlar kiçilərək ağacdan kal düşürlər. Şimali Amerikada bu həşərat meyvəli ağacların əsas zərərvericisi sayılır. Onun Rusiya ərazisinə keçməsi təkcə çoxmilyardlıq iqtisadi ziyanla deyil, həm də yerli bitkiçiliyin bütöv bir sahəsinin məhv olması ilə nəticələnəcək.
Bir neçə meyvə milçəyi növü də fitosanitariya baxımından təhlükə törədə bilər. Onların da bəziləri Şimali Amerika mənşəlidir.