CƏMİYYƏT
ABŞ portalında Azərbaycanın işğal altındakı torpaqlarında dini irsin məhv edilməsinə dair məqalə dərc olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
ABŞ-ın “Muslim World Today” portalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin “Azərbaycanın tarixi ərazilərində və işğal edilmiş torpaqlarındakı dini irs məhv edilmə təhlükəsi altında” (“Religious Heritage of Azerbaijan In Occupied and Historical Territories Threatened by Erasure”) adlı məqaləsi dərc olunub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, işğal edilmiş ərazilər və bu faktın beynəlxalq sənədlərdə əks olunması, eləcə də tarixi Azərbaycan şəhəri İrəvanda və işğal altındakı rayonlarda dini ibadət yerlərimizin dağıdılması barədə məlumat verilib. Həmçinin Azərbaycanın mədəniyyət nümunələrinin təhrif edilərək İran–fars abidələri kimi təqdim olunduğu, o cümlədən Şuşadakı Rus Pravoslav kilsəsinin qriqorianlaşdırılması və sair faktlar oxucuların diqqətinə çatdırılıb.
Məqalədə, eyni zamanda, Azərbaycan haqqında ümumi məlumatlara da yer verilib.