CƏMİYYƏT


ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi yalnız Türkiyəyə deyil, bütün türk dünyasına qarşı təzyiqdir

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ prezidentinin ermənilərlə bağlı “soyqırımı” ifadəsini işlətməsi Türkiyə ilə yanaşı, Azərbaycanda da ciddi etirazla qarşılanıb. Bu yalnız Türkiyəyə deyil, bütün türk dünyasına qarşı təzyiq cəhdidir.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 1915-ci il hadisələrini bu şəkildə dəyərləndirmək, ermənilərə qarşı guya hansısa soyqırımın həyata keçirildiyini iddia etmək tarixi həqiqətləri kobud şəkildə təhrif etməkdir. Çünki 1915-ci il olaylarının mahiyyəti bütün dünya, o cümlədən ABŞ üçün kifayət qədər aydındır. Hamıya məlumdur ki, 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı hər hansı zorakılıq, təzyiq və soyqırımı törədilməyib. Əksinə, ermənilər türklərə, azərbaycanlılara qarşı 1915-1918-ci illərdə soyqırımı həyata keçirərək minlərlə günahsız mülki vətəndaşı amansızcasına, ağır işgəncələrlə qətlə yetiriblər. ABŞ-ın dövlət başçısının tarixi həqiqətləri danaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirməsi isə bu ölkədə erməni diaspor təşkilatlarının təzyiqi kimi dəyərləndirilməlidir. Şübhəsiz, bu bəyanatın arxasında ABŞ-ın həm də öz maraqları və gələcəyə yönəlmiş planları dayanır.

Cəlil Xəlilov qeyd edib ki, ABŞ hökuməti bu addımı atmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır. Bu ölkənin belə addım atmasının arxasında müstəqil siyasət yürüdən, dünyada ciddi güc mərkəzinə çevrilən Türkiyənin mövqelərini zəiflətmək məqsədi dayanır. Qardaş Türkiyənin regiondakı fəallığı, o cümlədən Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-diplomatik dəstək bəzi qlobal gücləri məmnun etmir. Bu səbəblə də onlar müxtəlif yollarla rəsmi Ankaraya təzyiq göstərməyə çalışırlar. Lakin unudurlar ki, bu gün onların qarşısında böyük iqtisadi, siyasi, hərbi və diplomatik gücə malik olan güclü Türkiyə dövləti dayanıb. Türkiyənin Rəcəb Tayyib Ərdoğanın timsalında qətiyyətli, uzaqgörən və vətənpərvər Prezidenti var. Odur ki, Türkiyəyə təzyiq göstərməyə çalışanların nəyəsə nail olması mümkün deyil.

“Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində bir-birlərinə dəstək olub, qardaş yardımı göstəriblər. Bu baxımdan, hazırda Türkiyəyə yönəlmiş təzyiqlərə ölkəmizdə sərt reaksiya verilməsi, qardaş türk xalqı ilə həmrəylik nümayiş etdirilməsi tamamilə məntiqli və anlaşılandır. Çünki ABŞ erməni yalanını müdafiə etməklə, Türkiyəni heç vaxt törətmədiyi cinayətdə ittiham etməklə, eyni zamanda, bütün türk dünyasının qınağına səbəb olub. Odur ki, qardaş ölkənin mənafeyinə zidd hər hansı addım, həm də Azərbaycana və bütün türk dünyasına zərbə vurmaq deməkdir. Məhz buna görə də Baydenin məlum bəyanatından sonra Azərbaycanda ziyalılar, deputatlar, ictimai-siyasi xadimlər, QHT-lər Türkiyəyə dəstək xarakterli bəyanatlar verərək ABŞ prezidentinin ermənipərəst mövqeyini pisləyib, bunu tarixin təhrif olunması kimi qiymətləndiriblər. Bu baxımdan ABŞ bu tarixi səhvi ortadan qaldıranadək Azərbaycanın Türkiyəyə dəstəyi davam edəcək”, - deyə polkovnik vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.