DÜNYA


ABŞ sahil mühafizə xidməti: Meksika körfəzində itkin düşmüş 23 nəfər xilas edilib

Vaşinqton, 15 aprel, AZƏRTAC

ABŞ sahil mühafizə xidmətinin bazar günü elan etdiyi məlumata görə, Meksika körfəzində itkin düşmüş 23 nəfəri bu xidmətin və kruiz laynerinin birgə səyləri ilə xilas edilib.

AZƏRTAC ABŞ sahil mühafizə xidmətinin bəyanatına istinadla xəbər verir ki, 22 nəfər kubalı ağacdan hazırlanmış qayıqla Kubadan Meksikaya səyahətə başlayıb, lakin az sonra qayğın mühərrikində nasazlıq əmələ gəlib və səyahətçilər üç gün açıq körfəzdə qalıblar. Üç gündən sonra balıqçı qayığında körfəzə çıxmış bir nəfər meksikalı içərisində sərnişinlər olan qayığı təsadüfən görüb və onları öz qayığının göyərtəsinə götürüb, lakin az sonra bu qayığın mühərriki də sıradan çıxıb və onlar birlikdə daha üç gün körfəzdə qalıblar.

ABŞ sahil mühafizə xidməti bildirib ki, bazar günü səhər tezdən kubalılardan birinin qardaşı bu xidmətlə əlaqə saxlayaraq kömək istəyib. Sahil mühafizə xidməti balıqçı qayğını axtarmaq üçün öz qüvvələrindən əlavə, “Carnival Fantasy” kruiz laynerinin heyətini də köməyə çağırıb. Bundan sonra 23 nəfərin hamısı Meksikanın Yukatan yarımadasından 210 kilometr aralıda tapılıb və kruiz laynerinin göyərtəsinə götürülüb.

Məlumatda bildirilir ki, xilas edilmiş adamlardan ikisinin sağlamlığı ilə bağlı yüngül problemlər yaranıb və onlara kruiz gəmisində tibbi yardım göstərilib.

ABŞ sahil mühafizə xidmətinin bəyanatında göstərilir ki, həmin 23 nəfərin hamısı çərşənbə axşamı Alabama ştatının Mobil şəhərində ABŞ gömrük və sərhəd nəzarəti xidmətinə və ABŞ sahil mühafizə xidmətinə göndəriləcəklər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.