REGİONLAR
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvanın tarixi abidələri, səhiyyə və mədəniyyət müəssisələri ilə tanış olub
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Noyabrın 28-30-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil muxtar respublikanın tarixi abidələri, təhsil və mədəniyyət müəssisələri ilə tanış olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olan diplomata məlumat verilib ki, bu mərkəz 2010-cu il oktyabrın 5-də istifadəyə verilib. Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reabilitasiyası mərkəzin əsas fəaliyyətini təşkil edir. Hazırda mərkəzdə Brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün audio kitabxana xidməti, kinekt oyunlar və intellektual oyunlar otağı mövcuddur. Burada gözdən əlillər üçün Brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal fəaliyyət göstərir.
Naxçıvan Uşaq Bərpa Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, bu müəssisə 2007-ci ildən fəaliyyətə başlayıb. Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə olunanlar 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlardır. Belə uşaqların fizioterapiya müalicəsi almaları üçün mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş müxtəlif tezlikli cərəyanlarla müalicə, infraqırmızı, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası otaqları, eyni zamanda, su və balneoterapiya (mirvari vannası, burulğanlı vanna, hovuz), müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir.
Naxçıvan Dövlət Xalça Muzeyində olan ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkilinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Uilyam Qil “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət edib. Qeyd olunub ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.