DÜNYA
ABŞ senatoru Mitç Makkonnell Amerika qoşunlarının Suriyadan çıxarılmasına qarşı qətnamə təqdim edib
Vaşinqton, 23 oktyabr, AZƏRTAC
ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnell Amerika qoşunlarının Suriyadan çıxarılmasının dayandırılmasını tələb edən qətnamə təqdim edib. Ötən həftə analoji qətnamə Nümayəndələr Palatası tərəfindən qəbul edilmişdi. Qətnamədə, həmçinin qoşunların Əfqanıstandan da çıxarılmasına qarşı müəlliflərin narazılıqları ifadə olunub.
AZƏRTAC xəbər verir ki, Senatın iclasında çıxış edən Makkonnell qoşunların Suriyadan çıxarılmasının terrorizmi törədən və boşluq əmələ gətirən daha böyük xaosun yaranmasına səbəb olacağını və ABŞ-ın rəqiblərinin bu boşluğu tez bir müddətdə dolduracağını bildirib.
Makkonnell qanun layihəsini Suriyanın Türkiyə ilə sərhəd rayonlarının kürd terror qruplaşmalarından təmizlənməsindən ötrü Türkiyənin “Sülh çeşməsi” əməliyyatı astanasında Prezident Donald Trampın ABŞ qoşunlarının Suriyanın şimal hissəsindən çıxarılması barədə planlarını elan etdikdən iki həftə sonra təqdim edib. Ötən həftə Türkiyə və ABŞ bütün kürd silahlı dəstələrinə təhlükəsiz zonanı tərk etməkdən ötrü imkan yaradılması üçün əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəliblər.
Makkonnell ümidvar olduğunu bildirib ki, hər iki partiyadan olan senatorlar qətnaməni dəstəkləyəcəklər. Ötən həftə Nümayəndələr Palatası analoji sənədi böyük səs çoxluğu ilə qəbul edib. Palatanın 354 üzvü “lehinə”, 60 üzvü isə “əleyhinə” səs verib.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə və Rusiya Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə razılaşmaya nail olublar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton