DÜNYA


ABŞ son 10 ildə neft hasilatını 2 dəfə artırıb

Bakı, 15 aprel, AZƏRTAC

Son 10 ildə Birləşmiş Ştatlarda sutkalıq xam neft istehsalı 2 dəfə çoxalıb.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə ABŞ-ın gündəlik neft hasilatı orta hesabla 10,96 milyon barrel təşkil edib. Bu da son 10 ildə 119 faiz artım deməkdir. Ötən ilin noyabrında sutkalıq neft istehsalını 11,7 milyon barrelə çatdıran ABŞ dünya lideri olub.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2008-ci ildə ABŞ-ın neft istehsalı əhəmiyyətli dərəcədə azalıb və 1946-cı ildən sonrakı dövrdə ən aşağı səviyyəyə enib. Ölkənin gündəlik neft hasilatı 2008-ci ildə 5 milyon barreldən keçən il 10,96 milyon barrel səviyyəsinə yüksələrək 119 faiz artım nümayiş etdirib.

Neft sektorunda hidravlik və üfüqi qazma kimi yeni istehsal üsullarının geniş yayıldığı 2008-ci ildə ABŞ-da şist neft hasilatı dövrü başladı. Bundan sonrakı illərdə isə istehsal sürətlə artdı. ABŞ-ın sutkalıq neft hasilatı 2010-cu ildə orta hesabla 5,48 milyon barrel, 2012-ci ildə 6,5 milyon barrel, 2013-cü ildə 7,47 milyon barrel, 2014-cü ildə 8,76 milyon barrel, 2015-ci ildə isə 9,43 milyon barrelə çatdı.

ABŞ-ın neft sənayesi 2014-cü ilin iyununda ucuzlaşmağa başlayan neftin qiyməti fonunda 2 il çətinlik çəkdi. Ölkədə neft istehsalı azalmağa başlandı və 2016-cı ildə gündəlik hasilat 8,83 milyon barrelə düşdü. “Qara qızıl”ın qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar 2015-2016-cı illərdə ABŞ-da 300-dən çox neft şirkəti iflas etdiyini açıqladı, sektorda 250 min işçi ixtisar olundu və 250 milyard dollarlıq sərmayə nəticəsiz qaldı.

Amerika şirkətləri neftin aşağı qiymətləri fonunda bazarda aktiv qalmağa çalışdı, əsasən daha səmərəli üsullara yönələrək istehsal xərclərini azaltdı və “dərin dəniz” kimi baha başa gələn layihələrdən çəkindilər. Bundan sonra IT, süni intellekt və bulud texnologiyası kimi innovasiyalardan istifadə etməyə başlayan ABŞ-ın neft sənayesi quyularda istehsal artımına nail oldu. Bu yeniliklər nəticəsində ABŞ şirkətləri neftin hasilat xərclərini 65-75 dollar/barreldən 45-55 dollar/barrelə saldılar.

ABŞ-da gündəlik neft istehsalı 2016-cı ildə orta hesabla 8,83 milyon barrel səviyyəsinə çatdı, 2017-ci ildə isə 9,35 milyon barrelə qalxdı. Birləşmiş Ştatların neft hasilatı 2018-ci ildə 10,96 milyon barrel çataraq ölkə tarixində ən yüksək səviyyəni - 9,64 milyon barrelə ötərək rekorda imza atdı.

Aylıq istehsal məlumatlarına görə, 2018-ci ildə ABŞ dünyanın ən böyük iki xam neft istehsalçısı olan Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq neft istehsalına görə liderliyə yüksəldi. Aylıq göstəricilərə görə, ABŞ-ın gündəlik neft istehsalı keçən ilin oktyabrında 11,2 milyon barrelə çataraq Səudiyyə Ərəbistanını geridə qoydu və dünya miqyasında ikinci yeri tutdu. Bir ay sonra, ötən ilin noyabrında isə ABŞ sutkada orta hesabla 11,7 milyon barrel neft hasil edərək Rusiyanı da qabaqladı və dünya lideri oldu.

Ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 2 min barrel artaraq gündəlik 12,2 milyon barrel səviyyəsində qalıb. Ölkədə gündəlik neftin istehsalı bu ilin yanvarında 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda isə 12,2 milyon barrelə yüksəlib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.