DÜNYA


ABŞ və Çin liderlərinin görüşü aprel ayından tez baş tutmayacaq

Bakı, 14 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpinin görüşü çox güman ki, aprel ayından tez baş tutmayacaq. Görüşün gedişində ticarət sazişinin imzalanacağı gözlənilirdi.

AZƏRTAC bu barədə Bloomberg agentliyinə istinadla xəbər verir.

Bazar ertəsi günü Ağ evin mətbuat katibi Sara Sanders iki ölkə liderinin görüş vaxtının hələ müəyyən olunmadığını və danışıqların davam etdiyini bildirib. Ötən həftə isə “The Wall Street Journal” qəzeti Çin hakimiyyətinin Pekin və Vaşinqtonun ticarət məsələləri barədə yekun razılaşma əldə etməyənə qədər Si Cinpinlə Donald Tramp arasında görüşün məqsədəuyğun olduğuna şübhə ilə yanaşdığını yazıb.

Bir qədər əvvəl Donald Tramp ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanmasına dair ABŞ-ın paytaxtında keçirilmiş məhsuldar danışıqlar səbəbindən Çin məhsullarına gömrük rüsumlarının artırılmasını təxirə salmaq qərarına gəlib. Vaşinqton administrasiyasının rəhbəri danışıqlarda böyük uğura nail olunacağı təqdirdə ticarət sazişi bağlamaq üçün Si Cinpinlə özünün Florida ştatındakı malikanəsində görüşmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və Çin liderlərinin ötən ilin dekabrında Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə iki ölkə arasında ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər 3 ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Ticarət sazişinin bağlanması üçün ayrılan vaxt mart ayının 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün düzgün məcrada davam edəcəyi vaxta qədər rüsumları artırmamağa hazır olduğunu bəyan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.