SİYASƏT
ABŞ və Ukrayna vətəndaşının adı Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Bakı, 26 dekabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sergey Konoplyov məktubunda işğal edilmiş Azərbaycan ərazilərinə Azərbaycanın razılığı olmadan 2012-ci ildə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərinin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirir.
O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini, gələcəkdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcəyini vurğulayır.
Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.