DÜNYA
ABU-DABİDƏ 300 BƏY VƏ GƏLİN ÜÇÜN TOY MƏCLİSİ QURULUB
Məclisi Nikah Fondu təşkil etmişdir. Bu təşkilat 10 ildən artıqdır ki, yerli gəncləri ailə qurmağa, oğul-uşaq sahibi olmağa çağırır.
Fond toy mərasimlərini keçirməkdə və digər məişət problemlərinin həllində yerli gənclərə maddi yardım göstərir. Birləşmiş Ərəb Əmirliklərində ənənəyə görə başlıq ödəmək və təmtəraqlı toy məclisi qurmaq üçün çox vaxt 100 min dollaradək pul tələb olunur. Buna görə də, yerli gənclərin çoxu ya subay qalır, ya da əcnəbi qızlarla evlənirlər. Bu isə yerli hakimiyyət orqanlarını təşvişə salır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində cəmi 20 faiz təşkil edən yerli əhalinin sayı buraya işləməyə gələn əcnəbilərlə müqayisədə getdikcə azalır.
Fond yerli gənclərin çoxuna ailə qurmaqda kömək edərək, indiyədək 700 min dollara yaxın kredit vermişdir.