DÜNYA
ACARISTAN MUXTAR RESPUBLİKASININ BAŞÇISI ASLAN ABAŞİDZE TBİLİSİYƏ GƏLMİR, NİYƏ?
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Acarıstan Muxtar Respublikası rəhbərliyi ilə rəsmi Tbilisi arasındakı gərgin münasibətlərdə son vaxtlar yaranmış mülayimlik yenidən soyumağa başlayır. 13 ildir Tbilisiyə gəlməyən Acarıstan rəhbəri Aslan Abaşidze fevralın 18-də axşam Avstriyadan rəsmi səfərdən qayıtdıqdan sonra Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatına cavab vermişdir. Mixail Saakaşvili bəyanatında Aslan Abaşidzenin həftədə bir dəfə Moskvaya getməsinə eyham vuraraq, “Tbilisidə də onun təhlükəsizliyinin təmin olunacağını və Aslan Abazidzenin inadından dönərək digər bölgə başçıları kimi, lazım olanda paytaxta gəlməlidir” demişdir. O, Avropa Şurasının baş katibi Valter Şvimmerin Batumidən Aslan Abaşidze ilə birgə Tbilisiyə gələcəyi fikrinə münasibət bildirərək demişdir ki, vaxtı ilə Primakov Ardzinbanı Tbilisiyə gətirdi. Biz arzu etməzdik ki, Abaşidze də Tbilisiyə kiminsə vasitəçiliyi ilə gəlsin.
Aslan Abazidze isə Gürcüstan prezidentinin bu bəyanatı ilə bağlı demişdir ki, indiyədək mənə qarşı təşkil olunan terror əməliyyatlarının heç biri barədə cinayət işi qaldırılmayıb, onun təşkilatçıları müəyyənləşdirilməyibdir. Əgər cinayətkarlar müəyyənləşdirilib cəzalandırılmasa, Tbilisiyə getməyəcəyəm. Belə olan halda, heç kəsin, o cümlədən prezidentin də mənim Tbilisiyə gəlməyimi tələb etməyə haqqı yoxdur.