İQTİSADİYYAT
ƏCNƏBİ VƏTƏNDAŞLARIN RUSİYA BAZARLARINA YOLU 2007-Cİ İLİN SONUNADƏK MƏHDUDLAŞDIRILACAQ
Rusiya hökumətinin başçısı Mixail Fradkov Prezident Vladimir Putinlə görüşündə bildirmişdir ki, əmək miqrasiyasının nizamlanması, bazarların sanitariya baxımından sahmana salınması və Rusiya istehsalçılarının bazarlarda ticarət etmələri üçün əlverişli şərait yaradılması üzrə normativ-hüquqi bazanı əsaslı şəkildə müəyyənləşdirmək üçün əsas sənədlər hazırlanmışdır. O bildirmişdir ki, hökumət əcnəbilərin bazarlarda və köşklərdə pərakəndə satış üçün işə qəbul olunması imkanlarını heçə endirəcəkdir. M. Fradkov demişdir: “Bazarlarda və köşklərdə bütün nomenklatura üzrə pərakəndə satış ticarətinə gəldikdə isə biz burada əcnəbilərin iştirak payını 40 faizədək məhdudlaşdırmaq üçün gələn il yanvarın 15-dən aprelin 1-dək keçid dövrü veririk”. Hökumətin başçısı demişdir ki, əcnəbi əməyindən istifadə edən yerli və əcnəbi işəgötürənin məsuliyyəti gücləndirilmişdir. Məsələn, 2007-ci ildə iqtisadiyyatın müxtəlif sahələrində əcnəbi əməyindən istifadə üçün əlavə məhdudiyyət qaydaları tətbiq ediləcəkdir. Bundan əlavə, Rusiya hökumətinin Sərəncamında əcnəbilərin Rusiyada işləmək üçün dəvət olunmalarına xüsusi kvotalar müəyyənləşdirilmişdir. Indi ticarət qaydalarına əməl olunması məsuliyyətini artıran iki qanun layihəsi və pərakəndə satış bazarları haqqında qanun layihəsi hazırlanmışdır. Bu qanun layihələri RF Dövlət Dumasının müzakirəsinə verilmişdir.