İQTİSADİYYAT
“ACSC Logistcs” Gürcüstanın “GR Logistics & Terminals” və Rumıniyanın “Grampet Group” şirkətləri ilə əməkdaşlıq sazişi imzalayıb
Bakı, 22 oktyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) törəmə müəssisəsi “ACSC Logistcs” MMC ilə Gürcüstanın “GR Logistics & Terminals” və Rumıniyanın “Grampet Group” şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Tbilisidə keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında ASCO-nun gəmiləri vasitəsilə Aktau-Bakı-Aktau xətti üzrə konteyner daşımalarının aktivləşdirilməsinə dair də fikir mübadiləsi aparılıb. Həmçinin, yığıncaq çərçivəsində Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək 3 şirkət arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə ASCO-nun törəmə müəssisəsi “ACSC Logistcs” MMC, Gürcüstanın “GR Logistics & Terminals” Rumıniyanın “Grampet Group” şirkətləri imza atıblar.
Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.