MƏDƏNİYYƏT


ƏDƏBİYYATŞÜNAS ALİMİN 75 İLLİYİ QEYD OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat muzeyinin təşkilatçılığı ilə ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Azadə Rüstəmovanın anadan olmasının 75 illiyinə həsr edilmiş elmi seminar keçirilmişdir.
Muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov AMEA-nın Rəyasət heyətinin binasında keçirilən tədbiri açaraq klassik ədəbiyyatımızın tədqiqində Azadə Rüstəmovanın əvəzsiz xidmətlərindən danışmışdır. Onun gənc yaşlarında Moskvada böyük şərqşünas alim Bertelsin rəhbərliyi ilə Füzulinin “Leyli və Məcnun” poemasına həsr olunmuş namizədlik dissertasiyasını uğurla müdafiə etdiyini diqqətə çatdıran natiq sonralar A.Rüstəmovanın bir-birindən sanballı monoqrafiyalarının işıq üzü gördüyünu vurğulamışdır.
Azərbaycanın böyük şairi Fələki Şirvaninin ədəbiyyat tariximizdə özünə layiq yer tutmasında alimin xidmətlərini yüksək qiymətləndirən R.Hüseynov onun Nizami Gəncəvi, Füzuli, Mövlanə Cəlaləddin Rumi yaradıcılığına həsr edilmiş əsərlərinin təkcə ölkəmizdə deyil, bütün Şərq ədəbiyyatı tarixində mühüm dəyər kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, A.Rüstəmova Azərbaycanın ədəbiyyatşünaslıq elminə təkcə zəngin elmi irs qoymamışdır, eyni zamanda 15-dən artıq elmi kadr yetişdirmişdir.
Tədbirdə muzeyin Gənc alimlər şurasının sədri Raminə Məmmədova “Azadə Rüstəmova klassik irsimizin tədqiqatçısı kimi” mövzusunda məruzə etmişdir. Məruzədə vurğulanmışdır ki, tədqiq etdiyi sahəni, obyekti hərtərəfli öyrənmək ədəbiyyatşünas Azadə Rüstəmova yaradıcılığının başlıca xüsiyyətlərindəndir. “Azərbaycan epik şeirinin inkişaf yolları” monoqrafiyasında da alim öz ənənəsinə sadiq qalaraq epik şeirin nümunələrini təkcə yazılı ədəbiyyatda axtarmamışdır, eyni zamanda sübut etmişdir ki, onun kökləri folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanır.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, AMEA Şərqşünaslıq institutunun direktoru Gövhər Baxşəliyeva, alimin yetirməsi AMEA-nın müxbir üzvü Teymur Kərimli və başqaları mərhum alimimizin yüksək insani keyfiyyətləri, xeyirxahlığı, gənc elmi işçilərə qayğısı ilə bağlı xatirələrini söyləmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.