ELM VƏ TƏHSİL
ƏDƏBİYYATŞÜNAS ALİMİN YENİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR
“Şeyx Cəmaləddin Əfqani və Türk Dünyası” adlanan bu kitabın müəllifi Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Şamil Qurbanovdur.
Alim AZƏRTAC-ın müxbirinə demişdir ki, hələ 1996-cı ildə Cəmaləddən Əfqani haqqında elmi monoqrafiya yazmışam və bir il sonra isə bu kitabımın ikinci nəşri işıq üzü görmüşdür. Bu yaxınlarda isə kitab Tehranda ərəb əlifbası ilə nəşr olunaraq Azərbaycana göndərilmişdir.
Bu qiymətli kitabda Azərbaycanın böyük filosofu, bütün Şərqi və Qərbi öz elmi dəlilləri, məntiqi müddəaları ilə heyrətə gətirən Şeyx Cəmaləddin Əfqaninin dini vəhdət və dil birliyi, məhəbbət və nifrət fəlsəfəsi, panislamizm fikirləri geniş əksini tapmış, “Azadlıq, bərabərlik, qardaşlıq” çağırışları geniş, müasir tələblər səviyyəsində şərh olunmuşdur.
Əsərdə, həmçinin Azərbaycan ziyalılarından Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə və başqalarının Əfqaninin əsərlərini öyrəndiklərindən, tərcümə edib yaymalarından, Avropa filosoflarının böyük mütəfəkkir barəsində söylədikləri fikirlərdən geniş söhbət açılır.