MƏDƏNİYYƏT
“ƏDƏBİ İRƏVAN” ALMANAXININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Birliyin katibi Arif Əmrahoğlu tədbiri açaraq publisistik əsərlərlə yanaşı, nəzm və nəsr nümunələrinin də toplandığı kitabı Azərbaycan ədəbi mühitində əlamətdar hadisə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, “Nurlan” nəşriyyatında işıq üzü görən “Ədəbi İrəvan” almanaxında Qərbi Azərbaycanda yaşayıb yaradan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində el-obalarını tərk etmək məcburiyətində qalan soydaşlarımızın müxtəlif janr və mövzularda qələmə aldıqları əsərlər yer almışdır.
Qərbi Azərbaycan ədəbi mühiti ilə bağlı fikirlərini iştirakçılarla bölüşən şair-publisist Musa Urud yaxşı hal kimi diqqətə çatdırmışdır ki, kitabda verilmiş bütün materiallarda Qərbi Azərbaycanın həyatı, həmin torpaqların tarixilik baxımından Azərbaycanlılara məxsuluğu haqqında danılmaz faktlarla söz açılır. Natiq bu baxımdan İsmayıl Vəliyevin “Deportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi etnik torpaqlarından siyasi təzyiq və təqiblərlə çıxarılması haqqında qısa tarixi icmal”, Əziz Ələkbərlinin “Rusiyanın Qafqaz siyasəti və Qərbi Azərbaycanın erməniləşdirilməsi”, Vilayət Əliyevin “Zəngəzur soyqırımı” əsərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Filologiya elmləri doktoru, professor İsmayıl Vəliyev, şair Əli Vəkil, Vilayət Əliyev və başqaları tədbirdə çıxış edərək yeni nəşrin əhəmiyyətindən və kitabda verilən əsərlərin məziyyətlərindən danışmışlar.