REGİONLAR
ADAU TV-də 100-cü onlayn dərs keçirilib
Gəncə, 7 aprel, Rauf Hacıyev, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Aqrar Universitetində də təhsil, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı tədbirlər təxirə salınıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək, tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınıb.
Martın 17-dən başlayaraq internet televiziyası vasitəsilə keçirilən dərslərin sayı aprelin 7-də 100-ə çatıb. Yüzüncü dərs universitetin Epizootologiya, parazitologiya və mikrobiologiya kafedrasının müdiri, dosent Zahir Ələsgərov tərəfindən aparılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin müvafiq ixtisasları üzrə 2-ci kurs tələbələri üçün nəzərdə tutulan “Mikrobiologiya” fənnindən onlayn mühazirə mikroorqanizmlərin morfologiyası və fiziologiyasına həsr olunub.
2019-cu ilin sentyabr ayından istifadəyə verilən ADAU TV internet televiziyası ən müasir avadanlıqla təchiz olunduğundan yayımın keyfiyyəti də yüksək səviyyədədir. Facebook üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin “YouTube” portalında yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və universitetin təkmil videodərslər bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsinin üstünlüyünü xarakterizə edən ən mühüm cəhətlərdən biri onun ictimaiyyət nümayəndələri, valideynlər, fermerlər, kənd təsərrüfatı istehsalçıları, fərdi təsərrüfat sahibləri üçün açıq olmasıdır ki, bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə çox böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır. Hər biri 60 dəqiqə olmaqla, gün ərzində 6-7 dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır. Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Yuxarıda qeyd olunanlarla yanaşı, universitetdə təhsil proqramlarının məsafədən mənimsədilməsi məqsədilə tədris materiallarının tələbələrə elektron formada çatdırılması, fənlərin xarakteri və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən “Skype”, “WhatsApp”, “Zoom”, “Hangouts” proqramlarından istifadə edilməsi yolu ilə də təmin edilir.
Tədrisin məsafədən təşkili bakalavriat səviyyəsi ilə bərabər, magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir.
Ümumiyyətlə, hazırkı dövrdə universitetdə tədrisin məsafədən aparılmasının tələbələri əhatəetmə səviyyəsinin maksimumlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.