REGİONLAR
ADAU TV-də 900-cü onlayn dərs keçirilib
Bakı, 5 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) təhsil, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı tədbirlər təxirə salınıb. Bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ötən il martın 17-dən başlayaraq ADAU TV vasitəsilə keçirilən dərslərin sayı mayın 5-də 900-ə çatıb. 900-cü dərs universitetin Torpaqşünaslıq fakültəsinin müəllimi Rəsmiyyə Quliyeva tərəfindən tədris edilib. Mövzu isə “Torpaq münbitliyi və onun artırılması yolları” olub. ADAU TV-nin YouTube kanalı son bir ay ərzində 10 min nəfərə yaxın izlənmə sayına çatıb. Bu da gündən-günə artan göstəricilərlə birgə ümumilikdə 435 saat izlənmə deməkdir. Əldə edilən statistik məlumatlara görə, kanal izləyicilərinin 56,6 faizi 18-24 yaş aralığında olan izləyici kütləsidir.
Kanalın hədəf auditoriyasının daha çox tələbələr olduğunu nəzərə alsaq, ADAU TV məqsədinin bir qisminə çatmış hesab olunur. Statistika onu da göstərir ki, 31,6 faizi 25-34, 11,3 faizi isə 35-44 yaş aralığında olan izləyicilərdir. Bu da o deməkdir ki, ADAU TV-ni nəinki tələbələr, həm də professor-müəllimlər, fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar müntəzəm izləyir.
Statistik göstəricilərə əsasən ADAU TV-nin feysbuk sosial şəbəkə hesabında paylaşılan dərs və videolar son 1 ay ərzində ümumilikdə 20 min nəfərə yaxın auditoriyanı əhatə edib. Paylaşılan onlayn dərs və videoların izlənmə sayının isə 30 min nəfərdən çox olması da statistik göstəricilərdə əksini tapıb.
2019-cu ilin sentyabr ayından istifadəyə verilmiş ADAU TV internet televiziyası ən müasir avadanlıqlarla təchiz olunduğundan yayımın keyfiyyətində də problem yaşanmayıb. Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin Youtube portalında yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və universitetin təkmil videodərslər bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsinin üstünlüyünü xarakterizə edən ən mühüm cəhətlərdən biri onun ictimaiyyət nümayəndələri, valideynlər, fermerlər, kənd təsərrüfatı istehsalçıları, fərdi təsərrüfat sahibləri üçün açıq olmasıdır ki, bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə çox böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır. Hazırda hər biri 60 dəqiqə olmaqla, gün ərzində 3 dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır. Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.
Yuxarıda qeyd olunanlarla yanaşı universitetdə təhsil proqramlarının məsafədən mənimsənilməsi məqsədilə tədris materiallarının tələbələrə elektron formada çatdırılması, fənlərin xarakteri və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən Microsoft Teams proqramından istifadə edilməsi yolu ilə də təmin edilir.
Qeyd edək ki, tədrisin məsafədən təşkili bakalavriat səviyyəsi ilə bərabər magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir.
Ümumiyyətlə, hazırkı dövrdə universitetdə tədrisin məsafədən aparılmasının tələbələri əhatəetmə səviyyəsinin maksimallaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.