REGİONLAR
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Bakı, 19 iyul, AZƏRTAC
2019-cu il iyulun 9-18–də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bakalavriat səviyyəsinin tələbələri üçün keçirilmiş “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuran tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə evində yaşayış yeri ilə təminata görə minnətdarlıqlarını bildiriblər. Sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd olunub ki, yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən 42 tələbə iştirak edib.