REGİONLAR
ADAU-da Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
Gəncə, 14 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan onlayn videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə ölkədə böhrana son qoyub.
Həmçinin ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açan rektor Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən də bəhs edib.
İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov isə bildirib ki, ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Tədbirdə universitetin Marketinq kafedrasının müdiri, dosent Vəfa Məmmədova, Baytarlıq fakültəsinin müəllimi Küşvər Məmmədova və digərləri çıxış edərək bu əlamətdar günlə bağlı fikirlərini bildiriblər.