REGİONLAR
ADAU-da “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda konfrans keçirilib
Gəncə, 3 iyun, AZƏRTAC
İyunun 3-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov pandemiyanın yaratdığı mövcud vəziyyətin tədrisin onlayn platformalar üzərindən distant formada aparılması sahəsində irəliləyişlərə səbəb olduğunu, lakin bunun praktik bilik və bacarıqlar tələb edən fənlərin tədrisində müəyyən problemlər yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, bu kimi problemlər özünü daha çox aqrar təhsildə göstərir və gələcəkdə bu istiqamətdə müvafiq addımların atılmasını vacib edir. Bütün bunları nəzərə alaraq ADAU-da “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfransın keçirilməsi qərara alınıb.
Konfransda təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, İlham Əhmədov, Türkiyənin Ege Universitetinin professoru Enver Durmuşoğlu, Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımov, ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent, ADAU-nun professoru Aynur Həsənova, tələbələrdən Aysu Tağıyeva, Suada Nəcəfova, Tamara Xan-Xoyskaya, Leyla Babayeva və başqaları çıxış ediblər.
Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil, təlim-tərbiyə prosesi dayandırılıb və tədbirlər təxirə salınıb. Ötən dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramlarının “Microsoft Teams” platforması, ADAU TV internet televiziyası üzərindən öyrədilməsi istiqamətində mühüm işlər görülüb.