REGİONLAR
ADAU-da “Rəqəmsal keçid və elmi texnoloji inkişaf zəruriyyəti” mövzusunda mühazirə oxunub
Bakı, 19 may, AZƏRTAC
İqtisad elmləri doktoru, professor Saleh Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və tələbələri üçün onlayn mühazirə oxuyub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Rəqəmsal keçid və elmi texnoloji inkişaf zəruriyyəti” mövzusunda keçirilən mühazirədə universitetin bütün fakültələrindən tələbələr, magistr, dissertant, müəllim və əməkdaşlar iştirak ediblər.
Maliyyə və iqtisadiyyat ixtisasından olan tələbə və müəllimlərin üstünlük təşkil etdiyi mühazirədə mövzu ətrafında müzakirələr aparılaraq, suallar cavablandırılıb.
Qeyd edək ki, silsilə olaraq təşkil edilən layihə çərçivəsində hər həftənin 2-ci günü, saat 6-da iqtisad elmləri doktoru, professor S.Məmmədov tərəfindən müxtəlif mövzularda onlayn mühazirələr keçirilir. Həmçinin mühazirələr universitetin rəsmi feysbuk hesabından canlı olaraq yayımlanır.