REGİONLAR
ADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilib
Gəncə, 9 iyun, Elcan Məmmədov, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilib.
Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları, ADAU-nun fakültə dekanları, kafedra müdirləri və müəllimlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxış edərək Təhsildə Keyfiyyət Agentliyinin yaradılmasının əhəmiyyətindən, akkreditasiya meyarlarına uğun olaraq universitetdə görülən işlərdən, “Strateji təhlil, qiymətləndirmə və keyfiyyət təminatı” şöbəsinin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıb, universitetin bu sahədə təcrübəli əməkdaşlarının akkreditasiya proseslərində ekspert olaraq fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov Agentliyin fəaliyyət istiqamətləri, akkreditasiya komissiyası, meyarlar, akkreditasiya prosesi, daxili və xarici keyfiyyət təminatı, habelə keyfiyyət təminatı proseslərində qiymətləndirici kimi iştirak etmək, ekspertlik üçün “Ekspert banka” müraciətə dair tələblər barədə geniş məlumat verib.
Görüşün sonunda universitet əməkdaşlarını maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.