REGİONLAR
ADAU-da onlayn elmi-praktik konfrans: İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a ADAU-dan məlumat verilib. Konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar nazirliyə təqdim olunmalıdır. Bu baxımdan konfransın məqsədi torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərin ümumi qiymətləndirilməsi, vahid baş plana uyğun olaraq bərpası, gələcəkdə iqtisadiyyata töhfələr verilməsi üçün indidən hərtərəfli müzakirələrin təşkili və aqrar sahənin inkişafına dəstək infrastrukturunun formalaşdırılması prioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün elmi cəhətdən əsaslandırılmış təkliflər verilməsindən ibarətdir.
Konfransda məruzəçilər işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üçün fəaliyyət planı, aqraryönümlü monitorinqlərdə universitet əməkdaşlarının iştirakı, dəymiş zərərin qiymətləndirilməsi, torpaq münasibətləri, iqtisadi və investisiya potensialı, resurslarla təminat, aqroturizmin inkişaf istiqamətləri, su təminatı və suvarma sistemlərinin bərpası, elmi və kadr təminatı məsələlərini müzakirə ediblər, səmərəli təkliflər irəli sürüblər.