REGİONLAR
ADAU ilə Fransanın Tuluz Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib
Gəncə, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC
Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dəvəti qəbul edib ADAU-ya gəldikləri üçün qonaqlara təşəkkürünü bildirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fransa universitetləri ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını deyən rektor İbrahim Cəfərov bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Rektor təhsil ocağının tarixi, beynəlxalq əlaqələri və fakültələri barədə qonaqlara ətraflı məlumat verib. İbrahim Cəfərov Tuluz Universiteti ilə ikili diplomlar və tələbə mübadiləsi istiqamətində əməkdaşlığn səmərə verəcəyinə əminliyini ifadə edib, elmi araşdırmalar və doktorantura üzrə əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb.
“ADAU indi mükəmməl bir universitetdir və beynəlxalq arenada kifayət qədər tanınır. Burada təhsil alan gənclər ən müasir tələbə evlərində yaşayırlar. Dövlət, eləcə də ölkə rəhbəri hər an bizim yanımızdadır və ölkəmizdə aqrar təhsilin inkişafına böyük dəstək verilir. Əslində ADAU bu gün ən şanlı dövrünü yaşayır”, – deyə İbrahim Cəfərov qeyd edib.
Hər iki ölkənin təhsil sahəsində bir çox ümumi maraqlarının olduğunu bildirən Jean Pierre Vinel rəhbərlik etdiyi Tuluz Universitetində əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib. O, ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli olduğunu vurğulayan Jean Pierre Vinel birgə daha böyük işlər görülə biləcəyini deyib: “Biz bilirik ki, Azərbaycan dövləti bu ali təhsil müəssisəsinin inkişafına böyük dəstək verir. Buna görə biz də sizinlə olan əməkdaşlıqda birinci olmaq istəyirik. Biz birgə elmi tədqiqatlar apara və tələbə-müəllim mübadiləsi apara bilərik”.
Sonda qonaqlar universitetin müasir infrastrukturu və maddi-texniki bazası ilə ətraflı tanış olublar.