REGİONLAR
ADAU-nun baytarlıq ixtisasının tələbələri İstanbul Universitetində təcrübə keçirlər
Gəncə, 26 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin “Baytarlıq” ixtisası üzrə təhsil alan beş tələbəsi Türkiyənin İstanbul Universitetində təcrübə keçirlər.
AZƏRTAC xəbər verir ki, hər iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, tələbələr təcrübə zamanı heyvanlarda olan ginekoloji xəstəliklərin müayinəsini aparıb, müalicəsi mümkün olan xəstəliklərə düzgün diaqnoz qoyulması üçün lazımi metodları, yeni avadanlıqların işləmə prinsipini öyrəniblər. Bundan başqa, tələbələr şöbədə yerləşən əməliyyatxanada heyvanlar üzərində bir sıra əməliyyatlarda da iştirak ediblər.
Qeyd edək ki, tələbələrin bir ay davam edəcək təcrübəsi avqustun 5-də başa çatacaq.