REGİONLAR
ADAU-nun bir qrup əməkdaşı Türkiyənin Ege Universitetində ezamiyyədə olublar
Gəncə, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bitki mühafizəsi kafedrasının əməkdaşları - dosent əvəzi Lamiyə Quliyeva və Turanə Məmmədova avqustun 1-dən 12-dək Türkiyənin Ege Universitetində elmi fəaliyyətləri ilə bağlı ezamiyyədə olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU əməkdaşlarını qarşılayan Kənd Təsərrüfatı fakültəsinin dekanı professor Banu Yücel və fakültə əməkdaşları əvvəlcə qonaqları fakültənin tərkibinə daxil olan kafedralarla tanış edib, sonra onları elmlər doktorluğu proqramı çərçivəsində elmi məsləhətçiləri olan professorlar İsmayıl Türkan və Hatice Özaktanın rəhbərliyi altında laborator analizlər aparmaq üçün təhkim olunduqları bölmələrə yönləndiriliblər.
Avqustun 3-də isə Ege Universitetinin rektoru professor Necdet Budak ADAU əməkdaşlarını qəbul edib və universitetin bütün imkanlarından yararlana bilmələri üçün fakültə dekanına göstərişlər verib. Avqustun 5-də beynəlxalq ikili diplom proqramı (ADAU-EU) çərçivəsində Türkiyənin Ege Universitetindən ezam olunacaq professor-müəllim heyəti ilə tanışlıq üçün universitetin rektorluq binasında iclas təşkil olunub. İclasda 2022-2023-cü tədris ilinin payız semestrində tədris olunacaq dərslərin keyfiyyəti, hədəflər, qarşılıqlı əməkdaşlıq haqqında məsələlər müzakirə edilib.
Həmçinin, avqustun 9-da ADAU əməkdaşları Ege Universiteti Mərkəzi Araşdırma Test və Analiz Laboratoriya Uygulama və Araşdırma Mərkəzində olub, mərkəzin rəhbəri professor Suna Timurun rəhbərliyi altında elmi araşdırma laboratoriyalarında gedən işlər, elektron mikroskopunda bəzi nümunələrin təyini ilə tanış olublar.
Avqustun 11-də isə ADAU-EGE ikili diplom proqramı katibi Lamiyə Quliyeva və Ege Universitetinin Karyera planlama mərkəzinin direktoru Ebru Kalyoncu proqramı çərçivəsində təhsil alan tələbələrin təcrübə proqramları ilə bağlı məsələləri müzakirə etmək üçün bir araya gəliblər.