REGİONLAR
ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib
Gəncə, 14 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Aqrar İnkişaf Könüllüləri (AİK) ilə görüş davam edir. Budəfəki görüşdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən rektor Aqrar İnkişaf Könüllüləri hərəkatının Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayının artması çox sevindiricidir. Könüllülük hərəkatı aqrar sektorun inkişafında da özünü təsdiq edəcək.
Görüşdə iştirak edən Aqrar İnkişaf Könüllüləri təşkilatının sədri Sarvan Cəbrayılzadə isə bu hərakatın əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, həmçinin innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir. Aqrar İnkişaf Könüllüləri təşkilatı yarandığı qısa vaxtda 9 layihə həyata keçirib və 40 regionda fəaliyyət göstərir. Bu gün könüllülərin sayı 1950 nəfərdən çoxdur. Hədəf bu sayı 10 min nəfərə çatdırmaqdır.
Daha sonra universitetin Daxili nəzarət şöbəsinin müdiri Namiq Cəfərov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov çıxış edərək aqrar könüllülük hərəkatı ilə bağlı fikirlərini bölüşüb, yaxın zamanlarda bu hərəkatın genişlənəcəyini və səmərə verəcəyini diqqətə çatdırıblar.
Çıxış edən tələbələr maraqlı təkliflər səsləndirib, bitkiçilik, heyvandarlıq, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə təcrübə toplamada iştirakın əhəmiyyətini qeyd ediblər.