REGİONLAR
ADAU-nun tələbələri İsmayıllı və Qəbələ rayonlarında tədris səfərlərində olublar
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri İsmayıllı və Qəbələ rayonlarında müxtəlif tipli heyvandarlıq təsərrüfatları ilə tanış olublar. Tanışlıq Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində reallaşıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Subkomponentinin dəstəyi ilə universitet tələbələri Yeni Zellandiyadan dəvət edilmiş təcrübəli mütəxəssisin iştirakı ilə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən və postsovet dövründən başlayaraq həmin dövrə xas ənənəvi idarəçilik üsulu ilə fəaliyyət göstərən Nikitin adına kolxoza və müasir tələblərə cavab verən Keyvəndi kəndində qurulmaqda olan “AZZA Aqro” MMC şirkətinə, eyni zamanda, Qəbələ rayonunda fəaliyyət göstərən “Gilan Holdinq Aqrokompleks Qəbələ” MMC şirkətinə səfər ediblər.
İsmayıllı rayonuna səfər zamanı tələbə və mütəxəssislər rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov ilə görüşüblər. Görüş zamanı rayonda heyvandarlığın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb. M.Sadıqov tələbələrə ixtisaslı kadrlara ehtiyac duyulduğunu bildirib və onlara təhsillərində uğurlar arzulayıb.
Səfər çərçivəsində tələbələr təsərrüfat rəhbərləri, baytarlıq mütəxəssisləri ilə məhsuldar görüşlər keçirib və onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
“Gilan Holdinq Aqrokompleks Qəbələ” MMC şirkətinə səfər zamanı burada heyvandarlıqda tətbiq olunan yeni texnologiyalar barədə məlumatlandırılıblar. Tələbələr karusel tipli 24 başlıq sağım xətti ilə əyani şəkildə tanış olub, xəstə heyvanlar üzərində tətbiq edilən müalicə tədbirləri, heyvandarlıqda balanslaşdırılmış yemləmənin tətbiqinin əhəmiyyəti barədə məlumatlandırılıblar.
Qeyd edək ki, indiyədək ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 200-dək tələbəsi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində keçirilən bütün tədbirlərdə - brusellyoz xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə sorğuların keçirilməsində, təlimlərdə, peyvəndləmə kampaniyasında, sorğuların nəticələrinin epidemioloji təhlilində, Respublika Baytarlıq Laboratoriyasında müasir müayinə metodlarının tətbiq edilməsində yaxından iştirak ediblər.